Rüşvət aldığına görə həbs edilmiş məmur apellyasiya şikayəti verib.
Pravda.az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovun apellyasiya şikayətinə baxılıb.
Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, 55 yaşlı Yaşar Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib. Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, əvvəlki cəzası toplanmaqla 9 il həbsə məhkum olunub.