Sumqayıtda ictimai nəqliyyatda kondisionerlərin işləyib-işləməməsi yoxlanılıb. Bu haqda bu gün, 4 iyul tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Reyd Sumqayıt ŞİH-nin yanında yaradılan komissiya tərəfindən keçirilib. “Nəqliyyat” MMC, “Nəqliyyat” MMC-1 və Sumqayıt Avtomobil Nəqliyyati ilə Sərnişindaşıma İdarəsinin (SANSİ) əməkdaşları şəhərin müxtəlif yerlərində avtobuslarda havalandırma sistemini yoxlayıblar.
Reyd zamanı məlum olub ki, bəzi sürücülər öz səhlənkarlığından işlək olan kondisionerləri qoşmurlar. SŞİH-nin başçısı yanında SANSİ-nin sektor müdiri Məzahir Piriyev bildirib ki, həmin sürücülər ilə profilaktik söhbətlər aparılıb.
Bundan əlavə, Piriyev sərnişinlərdən xahiş edib ki, avtobuslarda hər hansı xoşagəlməz hal yaşansa, qaynar xəttə zəng edərək şikayətlərini bildirsinlər.
Reydlər bundan sonra da davam edəcək.