Sumqayıtda yerləşən tibb müəssisələrində onlayn növbə sisteminin tətbiqi nəzərdə tutulsa da, hələlik hansı xəstəxanaların bu sistemə qoşulacağı məlum deyil.
Sumqayit24.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, onlayn növbə sisteminin tətbiqinin mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə müvafiq tibb müəssisələrinə baxış keçirilir, sistemə inteqrasiya olunacaq müəssisələr müəyyənləşdirilir.
TƏBİB-dən konkret olaraq hansı tibb müəssisələrinin seçiləcəyi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Qeyd edək ki, hazırda 7 tibb müəssisəsində onlayn növbə sistemi tətbiq olunur. Növbəti mərhələdə sistemin Bakı və Sumqayıt şəhərlərindəki digər tibb müəssisələrini, daha sonra isə regionları əhatə etməsi nəzərdə tutulur.