Sumqayıtda kompleks abadlıq-quruculuq işləri aparılır. Sumqayıt24 bu haqda 18 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Ötən dövr ərzində 1300-ə yaxın yaşayış binasının dam örtüyü vurulub, binaların fasadları yenilənib, müasir liftlər quraşdırılıb. Yüzlərlə binanın girişi təmir olunub, dəmir qapılar quraşdırılıb.
İlin sonuna kimi 55 binanın fasadının yenilənməsi, girişlərinin və pilləkən qəfəslərinin təmiri nəzərdə tutulub.
Şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində də işlər həyata keçirilir. Hazırda şəhərdaxili küçələr, eləcə də məhəllədaxili yollar asfaltlanır.
Uzunluğu 7,5 kilometr olan Sahil küçəsində təmir işləri görülür. Küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Yola ümumilikdə 80 min kv.m asfalt vurulacaq. Sahil küçəsində velosiped zolağı da salınacaq.
İlin sonuna kimi məhəllə və mikrorayon daxilində 92 min, ətraf qəsəbələrdə isə 100 min kv.m əraziyə asfalt örtüyünün vurulması planlaşdırılır.
Sumqayıt şəhərində, həmçinin yeni piyada səkiləri inşa edilir, mövcud piyada səkilərinə tamet daşlar döşənir.
H.Z. Tağıyev və Corat qəsəbələrində isə nümunəvi məhəllələrin yaradılması üçün işlərə başlanılıb.