Sumqayıtda vətəndaşlar küçələrin birində avtobus dayanacağında pavilyon quraşdırılmasını istəyirlər.
Bu barədə Sumqayit24.az-a Qurd dərəsi yaşayış massivinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, 17, 18 və 16/19 nömrəli marşrut avtobusları M.S.Ordubadi küçəsindən keçən hissədə sərnişinləri düşürüb-mindirsələr də, ərazidəki dayanacaqda pavilyon yoxdur. Vətəndaşlar xüsusilə isti yay günlərində kölgə və gözləmə yeri olmadan avtobus gözləməyin çətinlik yaratdığını qeyd ediblər.
"Bəzən avtobus bir saata yaxın gəlmir və bu müddət ərzində ayaq üstə gözləməli oluruq. Belə vəziyyət isə uşaqlar və yaşlı şəxslər üçün ikiqat çətin olur", - deyə sakin bildirib.
Sakinlər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və avtobus dayanacağının normal vəziyyətə gətirilməsini xahiş edirlər.