Sumqayıt şəhərinin Novxanı bağları ərazisində yolların uzun müddətdir bərbad vəziyyətdə olduğu bildirilir.
Sumqayit24.az-a daxil olan məlumata əsasən, ərazidə yolların asfalt örtüyü sıradan çıxıb, səthi çoxsaylı çala-çuxurlarla doludur. Xüsusilə payız-qış aylarında, yağıntıların intensivləşdiyi dövrdə vəziyyət daha da çətinləşir. Yollarda yaranan palçıq və gölməçələr nəqliyyatın hərəkətinə ciddi maneə yaradır.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət səbəbindən avtobusların ərazidə hərəkəti çətinləşir, taksi sürücüləri isə ünvana gəlməkdən imtina edirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidə yolların təmir olunmasını və problemin aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş edirlər.