Sumqayıtda 23 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu xanımı döyüb.
Məlumata görə, Lerik rayon sakini, 2003-cü il təvəllüdlü Füzuli şəxsi münasibətlər zəminində Qənirə ilə mübahisə edib.
İstintaq materiallarına əsasən, mübahisə zamanı o, qadının baş, kürək və sol qol nahiyələrinə zərbələr endirərək ona xəsarət yetirib.
Füzuli ifadəsində Qənirə ilə 2022-ci ildən birlikdə yaşadıqlarını və 2025-ci ildə övladlarının dünyaya gəldiyini bildirib. Onun sözlərinə görə, işdən çıxdıqdan sonra münasibətlərində problemlər yaranıb.
"Hadisə günü evdə olarkən övladım ehtiyatsızlıqdan yerə yıxıldı. Qənirə övladımın yanına çata bilmədiyi üçün ona əsəbiləşərək iradımı bildirdim. Bundan sonra aramızda mübahisə başladı. Mübahisə zamanı Qənirənin baş, kürək və sol qol nahiyələrinə əlimlə zərbələr endirərək onu döydüm", - deyə Füzuli bildirib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və qadının ona qarşı şikayətinin olmadığını qeyd edib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilib və Füzuli cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, adlar şərtidir.
Mənbə: Demokrat.az