2023-cü ilin mayında Novxanı qəsəbəsindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Halime atalığından şikayətçidir.
O, video paylaşaraq qətli törədən və hazırda həbsdə olan atalığı Muhammet Gündüzün onu narahat etdiyini, anasından qalan əmlakları əlindən almaq istədiyini iddia edib.
Ağlayaraq video yayımlayan Halime tibb təhsili aldığını və yeganə gəlir yerinin həmin əmlakların icarəsindən gələn pul olduğunu deyib:
"3 ildir anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum, bilmirəm. Anamın istədiyi kimi məktəbimi oxuyum qurtarım, Azərbaycanda xeyirxah bir həkim olum, bilmirəm, bunu eləyə bilmirəm. Çünki bunlar imkan vermirlər. Kirayə verdiyim evə girirlər, vəkil vasitəsilə kirayənişinlərimi narahat edirlər. Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var. Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər.
Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının (red-ögey bacısı Sibel Gündüzü nəzərdə tutur) adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür".
Şikayətçi anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub.
Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.
Məlumata görə, Muhammet Gündüz törətdiyi cinayətə görə 17 il həbsə məhkum edilib.
Mənbə: Qafqazinfo.az
Daha ətraflı videoda: