Sumqayıtda küçələrdən birinin vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, 16-cı mikrorayonda yerləşən Mətləb Quliyev küçəsindən başqa məhəllədaxili küçələrin çoxu asfaltlanıb.
Sakinlərin məlumatına görə, küçənin bir hissəsində sakinlərdən biri öz evinin qarşısına asfalt çəkdirib. Lakin həmin hissədən sonra yolun baxımsız vəziyyətdə olduğu qeyd olunub.
"Bu vəziyyət avtomobillərin hərəkətinə ciddi problem yaradır. Bir az yağış yağan kimi yol palçığa çevrilir", - deyə şikayətçi narahatlığını ifadə edib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və küçənin asfaltlanmasını xahiş edirlər.