top
Sumqayıtlı aktrisa: “Şorla yağın eyni qiymətə olacağını bilsəydim, təklifləri düşünərdim”
29 noyabr 2024, 06:00
- +

Sumqayıtlı aktrisa: “Şorla yağın eyni qiymətə olacağını bilsəydim, təklifləri düşünərdim”

Aktyor və aktrisalar səhnə və kino sənətindəki fəaliyyətləri ilə tanınan, emosional zənginliyə sahib bir sənətçidir. Onlar müxtəlif xarakterləri canlandıraraq, tamaşaçılara dərin təsirlər bağışlayır və onları özündə əks etdirən hekayələrə çəkir. Ən yaxşı aktyor, aktrisalar rol aldıqları filmlərdə və ya teatr tamaşalarında öz xarakterlərini tamaşaçıya tam şəkildə çatdırandır.

Elə Sumqayit24.az-ın budəfəki müsahibi Azərbaycan Respublikasının Əməkdar Artisti, Sumqayıt Dövlət Dram Teatrının aktrisası Sədaqət Nuriyevadır.

Onunla müsahibəni təqdim edirik:

- Səadqət xanım, öncə özünüzü təqdim etməyinizi istərdim. Neçə yaşınız var, harada doğulmusunuz?

- Sədaqət Məmmədağa qızı Nuriyeva. 1970-ci ildə Sumqayıt şəhərində doğulmuşam. 1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun "dram və kino aktyoru" fakültəsinə qəbul olub, 1992-ci ildə həmin fakültəni bitirdim. 2018-ci ildə Azərbaycan Respublika Əməkdar Artisti fəxri adına layiq görülmüşəm. Ailəliyəm, iki qız övladım var.

- Bu neçə illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Ən böyük 2 arzum vardı: aktrisa və qız anası olmaq. Şükürlər olsun! Həm aktrisa, həm də iki qız anası oldum. Məncə ömrümü hədər yaşamamışam. Yaxşı ana, yaxşı sənətkar, ən əsası, yaxşı insan olmağa çalışmışam. 21 yaşım olanda İncəsənət universitetindən təyinatım Sumqayıt Dövlət Dram Teatrına verilib. O gündən bəri doğma teatrımı tərk etmədən, 33 ildir ki, milli teatr sənətimizin inkişafı üçün çalışıram.

- Seçdiyiniz sahə, aktrisalıq sənəti həvəs, bacarıq tələb edir. Bu sahəyə gəlişiniz necə oldu?

- Ağlım kəsəndən bəri aktrisa olmaq arzusunda olmuşam. Hətta uşaq bağçasında, sonra orta məktəbdə balaca aktrisa olaraq həmişə diqqət mərkəzində olurdum. 33 ildir ki, arzuladığım sahənin içindəyəm.

- O dövrlərdə qızlarının aktrisa olmasına çox valideyn razı deyildi. Bəs, sizdə necə? Ailəniz aktrisa olmaqla bağlı qərarınıza necə reaksiya verdi?

- Mühafizəkar bir ailədə yaşamışam. Atamı körpə ikən itirmişdim. Sənət seçimi ilə bağlı qərarımı bildirəndə bütün qohumlar tərəfindən böyük bir etiraz və sərt reaksiya ilə qarşı-qarşıya qaldım. Məndən küsdülər, bir neçə il dindirməyənlər belə oldu. Sonra öyrəndim ki, aralarında məni gizlincə izləyənlər də olub.

Fəxr edirəm ki, onların beynində inqilab etməyi, düşüncə tərzlərini dəyişməyi bacardım. İnsanın əxlaqı ilə sənəti arasında heç bir əlaqə olmadığını öyrəndilər. Tanınmış aktrisa olmağıma rəğmən, heç kimin ailəsindən fərqlənməyən təmiz və namuslu ailə həyatı qurmuşam. İndi vaxtilə məni dindirməyən doğmalarım mənimlə fəxr edirlər.

- Bu illər ərzində stereotipləri qırmağı bacarmısınız. Maraqlıdır, illər əvvələ qayıtsanız, nələri dəyişərdiniz?

- Sumqayıt Dram Teatrını çox sevirəm. Amma bu da bir həqiqətdir ki, aktyor sənəti üçün bu şəhər heç də ideal bir məkan deyil. Mərhum sənətkarlarımız Amaliya Pənahova, Ağakişi Kazımov və s. tərəfindən paytaxt teatrında işləmək təklifləri almışdım. Amma doğma teatrım çətin vaxtlar yaşadığına görə onu tərk edib getməyə qıymadım. Nə vaxtsa, şorla yağın bir qiymətdə olacağını bilsəydim, bu təklifləri barədə bir daha düşünərdim.

- Bəs, bir də bu sahəni seçərdiniz?

- Yüz ömrüm olsaydı, yüzünü də bu sənətə həsr edərdim. Özümü başqa bir sənətdə əsla təsəvvür etmirəm və etməmişəm. Yaşadığım bütün ədalətsizliklər, xəyal qırıqlıqları, bu ölkədə qadın, ana və həm də aktrisa olmağın bütün məşəqqətlərinə rəğmən, xoşbəxtlik yalnız səhnədə və sənətdə mövcuddur mənim üçün.

- Sözsüz ki, hər bir işdə, peşədə mübahisələr olur. Ortaya çıxarılacaq nəticə varsa, mübahisə qaçınılmazdır. Bəs, aktyorlarla rejissor arasında qalmaqal olurmu?

- Hərdən olur. Bəzən haqlı, bəzən haqsız. Aktyor və rejissor yaradıcı, düşünən insandır. Bəzən fikirlər üst-üstə düşməyə bilir. Əslində lazımlı, gözəl, birgə işin xeyrinə olan mübahisələr olur. Əgər qalmaqal dediyiniz şeyin içində ədalətsizlik, qərəz və başqa xoş olmayan amillər olursa, bu artıq başqa mövzudur. Nə sənətə yaraşır, nə də sənətkara. Və hər ikisi bu mübahisədə yalnız itirir.

- Rejissorların həmişə eyni aktyorlarla işləmək məsələsinə necə baxırsınız? Belə bir halla qarşılaşmısınızmı?

- Normal baxıram. Hər bir rejissor istəyir ki, peşəkarlığı və istedadı ilə onu qane edən aktyorlarla işləsin. Rejissorun səhnəyə çıxmaq imkanı yoxdur. O  tamaşaçıya demək istədiyi fikirləri aktyor vasitəsilə çatdırır. Əgər aktyor bu fikirləri onun istədiyi şəkildə deyil, yarımçıq və qüsurlu şəkildə çatdırırsa, o zaman rejissorun sərf etdiyi böyük əmək puç olar, heç bir mənası qalmaz. Ona görə də rejissorlar güvəndikləri, necə deyərlər, onları bir baxışdan anlayan aktyor-aktrisalarla işləməyə üstünlük verirlər. Və məncə bunda onları qınamaq insafsızlıq olar.

- Sənət adamlarının yaralı yeri aldıqları maaş və qonorarların azlığıdır. Maaşlar necə, Sədaqət xanım. Sizi qane edirmi?

- Maaşlar, əlbəttə ki, heç kimi qane etmir. Azərbaycan teatrına xidmət edən insanlar əsl fədailərdir. Təəssüf ki, böyük əməyin müqabilində kiçik əməkhaqqı almaq məcburiyyətində qalırlar. Sovet dönəmində teatrlar kateqoriyalara bölünmüşdü. Təəssüf ki, bu ədalətsiz mexanizm hələ də ləğv olunmayıb. Bütün teatr xadimləri eyni universitetin məzunları olsalar da, eyni əsərləri tamaşaya qoysalar da, eyni müəllimlərin yetişdirmələri olsalar da, teatrların üzərindəki kateqoriya damğası ciddi maaş fərqləri yaradır. Bu olduqca ədalətsiz bir durumdur.

- Teatrlara qoyulan kateqoriya damğasını deyirsiniz. Bu necə bir damğa idi ki, indi də davam edir?

- Sovet dönəmində teatrlar kateqoriyalara ayrılmışdı. Bu bütün Sovet İttifaqında belə idi və bizdən də yan keçməmişdi. Bəzi teatrlara ali, bəzilərinə 1-ci,  2- ci, 3-cü kateqoriya altında fəaliyyət göstərmək qismət olmuşdu. Milli və Akademik statuslar almış teatrlar da vardı və var. Bu, teatrlara və o teatrlarda çalışan sənətkarlara qarşı sovetdən qalmış böyük bir ədalətsizlikdir. Bayaq dediyim kimi, Azərbaycanda bütün teatr sənətçiləri eyni universitetdən məzun olur, eyni müəllimlərdən dərs alır, eyni pyesləri tamaşaya qoyur, eyni əsərlərlə tamaşaçı qarşısına çıxırlar. Ancaq bu köhnəlmiş və ədalətsiz kateqoriya damğasına görə olduqca fərqli maaş almağa məcbur olurlar. Təsəvvür edin, Akademik Milli Dram Teatrının bir aktyoru köçmək, ailə vəziyyəti, yaxud hər hansı bir səbəbdən teatrını dəyişib Sumqayıt teatrda işləməyə başlasa, maaşı yarıbayarı azalacaq. Eyni səbəblərdən Sumqayıt teatrının aktyoru statuslu paytaxt teatrına gedərsə, ikiqat artıq maaş almağa başlayacaq. Halbuki yerini dəyişən aktyorun nə peşəkarlığında, nə də istedadında heç bir dəyişiklik olmayacaq. Bu səbəbdən teatrların üstünə vurulmuş bu köhnə və olduqca ədalətsiz kateqoriya və status damğası sovetin özü kimi tarixin zibilliyinə atılmalıdır. Günümüzlə səslənən daha adil teatr modeli yaradılmalıdır.

- Bir igidin ömrü qədər bu teatrda çalışmışınız. Sumqayıt Dram Teatrında nə kimi çatışmazlıqlar var? Orada nədən narazısınız?

- Sumqayıt Dram Teatrı həmişə paytaxt teatrları üçün tramplin rolunu daşıyıb. Əksər məşhur və tanınmış aktyor, rejissorlar bu teatrın yetirməsidir. Təəssüf ki, ölkənin ən peşəkar sənət ocaqlarından biri olmasına rəğmən, Sumqayıt Dram Teatrına əyalət nöqteyi-nəzərindən yanaşanlar çoxluq təşkil edir. Bu, əlbəttə ki, 55 illik peşəkar və zəhmətsevər bir sənət ocağına inkişaf üçün maneələr yaradır.

- Bu sənətə sevginiz həm sözlərinizdən, həm də ömrünüzün çox hissəsini aktrisalığa qurban verməyinizdən bəllidir. Övladlarınızı bu sahədə görmək istəyərdiniz?

- Övladlarım zatən teatr sahəsindədirlər. İki qızım var. Biri İncəsənət və Mədəniyyət Universitetinin Aktyorluq, digəri Rəssamlıq Akademiyasının Teatr rəssamı üzrə məzunudurlar. Həyat yoldaşım da Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış aktyor və rejissor İzaməddin Bağırovdur. 4 nəfərlik ailəmizin 4-ü də incəsənət xadimidir.

- Bütün ailəliklə incəsənət adamısınız. Hər bir sahənin də öz çətinliyi var. Sizin 33 il ərzində qarşılaşdığınız ən çətin an hansı olub? Həmin çətinliyə görə bu sahədən getmək istəmisinizmi?

- Teatrda çalışdığım uzun illər ərzində, əlbəttə ki, çox çətin anlarım olmamış deyil. Körpəmin biri qucağımda, biri uşaq arabasında məşqlərə qatılmışam, tamaşalarda oynamışam. Hətta ana olmağa hazırlaşarkən, son günlərimə qədər səhnədə, işimin başında olmuşam. Aylarla maaş almadığımız, harınlamış, qanunları və dövləti saymayan məmurlar tərəfindən doğma teatrımıza buraxılmadığımız günləri də görmüşük. Evsiz, şəraitsiz, çətin vaxtlarımız da olub. Ancaq o dövrdə icra başçısı gözəl, əvəzsiz insan Vaqif Əliyev dövlət başçımız adından mənim ailəmi və başqa bir çox aktyor, rejissor, şair, jurnalist, idmançı ailələrini evlə təmin etdi. H.Əliyev yetirməsi olan bu gözəl insana duyduğumuz dərin minnətdarlıq duyğusu heç zaman qəlbimizi tərk etməyəcək.

Gördüyüm çətinliklərin heç biri məni usandırmağa, sevdiyim sənətimdən uzaqlaşdırmağa qadir olmayıb. Aktyor üçün ən dözülməz şey istedadsız, qeyri-peşəkar rejissorla iş birliyinə məcbur qalmaqdır. Təəssüf ki, bunu da yaşamaq bizlərdən yan keçməyib. Amma nə yaxşı ki, Sumqayıt Dram Teatrının bu gün baş rejissoru kürsüsündə yaradıcılığına davam edən Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov kimi peşəkar, istedadlı, zəhmətsevər rejissoru da var.

- Son olaraq, Sumqayıt Dram Teatrının gələcəyi ilə bağlı nə düşünürsünüz?

- Teatra ilk qədəmlərini basan gənclərin əsl aktyor - aktrisa kimi yetişməyində Firudin Məhərrəmovun tükənməz əməyi danılmazdır. Mən Sumqayıt teatrının fədakar, zəhmətkeş və istedadlı kollektivinə inanıram. Bu gözəl kollektivlə dağı dağ üstünə qoymaq olar. Bu fədakar teatr bütün çətinliklərə rəğmən sənət zirvələrini fəth etməkdən heç vaxt usanmayacaq, daim yüksələcək, deyə düşünürəm!

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Geomaqnit qasırğası gözlənilir

Bütün xəbərlər
Dünən, 18:20

Pünhan Piriyev: "Deyirlər, Sumqayıt əhlinə hörmətsizlik etmişəm"

Bütün xəbərlər
Dünən, 17:43

Sumqayıtda biabırçı mənzərə: xəstəxananı su basdı

Bütün xəbərlər
Dünən, 17:24

Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək

Bütün xəbərlər
Dünən, 17:01

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtda mötəbər tədbir keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıt təhsilinə ağır itki…

Bütün xəbərlər
Dünən, 16:16

Sumqayıtda qəza - Yaralananlar var

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda külək güclənəcək - HAVA PROQNOZU

İdman
Dünən, 15:02

Sumqayıtlı ata-oğul dünya çempionu oldular

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtda 4 maşın toqquşdu - Yaralananlar var

İdman
Dünən, 14:20

"Qara brilyant"ın ilk müəllimi Rafael Məmmədov çempion oldu

Bütün xəbərlər
Dünən, 13:41

Kanalizasiya daşdı, içməli su yararsız oldu – Sumqayıtda narazılıq

Bütün xəbərlər
Dünən, 13:00

Vaqif Cavadov: "Dünya Çempionatında iz qoymaq istəyirik"

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtda tanışını döyərək öldürən şəxslə bağlı qərar dəyişmədi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıt məktəblisi İngiltərədə universitetə qəbul oldu

Bütün xəbərlər
Dünən, 10:56

Berlində bayrağımızı yüksəldən sumqayıtlılar

Bütün xəbərlər
Dünən, 10:16

Sumqayıtlı ilə sevgili olan polşalı xanım 25 min dollar ziyana düşdü

Bütün xəbərlər
Dünən, 09:34

Gecə saatlarında Sumqayıtda ağır qəza olub

Bütün xəbərlər
26 aprel 2026, 18:00

Sumqayıtda "düşən ulduzları" izləyə biləcəksiniz

Bütün xəbərlər
25 aprel 2026, 17:58

Piyada səkisi yoxsa piyada sınağı? - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
25 aprel 2026, 16:54

Gələn həftə rayona getmək istəyən sumqayıtlıların nəzərinə

Bütün xəbərlər
25 aprel 2026, 15:58

Problemlərlə "yaşlanan" Sumqayıtda bir küçə…

Bütün xəbərlər
25 aprel 2026, 14:44

Sumqayıtda sakinləri qorxuya salan REAL TƏHLÜKƏ

Oxşar xəbərlər