Sumqayıtda “Mətbuatımız, problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda 23 iyul tarixində AZƏRTAC-a istinadən xəbər verir.
İyulun 22-də Heydər Əliyev Mərkəzində keçirilən görüş Milli Mətbuat Gününə həsr olunub. Dəyirmi masa formatında təşkil olunan tədbirdə “Exo Sumqayıta” qəzetinin baş redaktoru Eyruz Məmmədov, “Zərdabi poliqrafiya nəşriyyatı” müəssisəsinin direktoru Aydın Məlikov, Jurnalistlər Birliyinin şəhər şöbəsinin sədri Rafiq Oday, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, yazıcı-kulturoloq Hafiz Ataxanlı və Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova çıxış ediblər. Onlar bildirib ki, ölkədə mindən çox KİV qeydiyyatdan keçib, lakin yalnız bir hissəsi daimi olaraq nəşr olunur.
Həmçinin bildirilib ki, Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.