Sumqayıt sakini sevgilisini aldadaraq onun külli miqdarda pulunu ələ keçirib.
Məlumata görə, 1993-cü il təvəllüdlü Həsən Qarayev (soyad şərtidir – red.) Sumqayıtda marketlərin birində işləyərkən müştəri olan qadınla tanış olub. Qadının məktəblərdən birində müəllim işlədiyini və boşandığını öyrənən Həsən onunla münasibət qurub və evlənəcəyinə söz verib.
Bir müddət sonra qadının etibarını qazanan Həsən müxtəlif bəhanələrlə ondan pul və bahalı əşyalar almağa başlayıb. Əvvəlcə avtomobil almaq üçün qadının adına kredit götürməsinə nail olub, daha sonra ona "iPhone" markalı telefon və kompüter aldırıb.
Sonradan işlədiyi mağazada 11 min manatın itdiyini və pulu ödəməsə, həbs olunacağını deyərək qadından yenidən kredit götürməsini istəyib. Borcları ödəyəcəyinə söz versə də, vədinə əməl etməyib. Həsən bu yolla müxtəlif vaxtlarda qadından ümumilikdə 96 min manat alıb. Sonuncu dəfə isə onun evindəki 8 min manatı götürərək yoxa çıxıb.
Qadının anasının müalicəsi üçün pul lazım olduqda qohumları evdə olduğu deyilən 8 min manatı götürmək istəyiblər. Lakin qadında pulun olmadığı məlum olub və qohumları polisə müraciət ediblər.
Polis əməkdaşları Həsəni saxlayıblar. Cinayət işi üzrə istintaq yekunlaşaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə H.Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Oxu.az