Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində xəstəxananın təcili yardım şöbəsinin mövcud vəziyyəti ilə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə qəsəbə sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, qəsəbədə yerləşən 3 saylı xəstəxana təmirə bağlandığı üçün sakinlərin "Acil" adlandırdığı təcili yardım şöbəsi 1 və 4 saylı xəstəxanalara köçürülüb.
Sakinlər hesab edirlər ki, şöbənin qəsəbədən uzaqda yerləşməsi təcili tibbi yardıma ehtiyacı olan şəxslər üçün çətinlik yaradır.
"Bu şöbə yaxınlıqda yerləşməli idi ki, insanın səhhətində problem yaranan kimi ora müraciət edə bilsin. Təmirə bağlanan xəstəxananın yanında poliklinika da fəaliyyət göstərir. Heç olmasa, orada bir otaq ayırmaq olardı. Camaat yollarda qalır, bu da bizim üçün çətin vəziyyət yaradır", - deyə qəsəbə sakinləri qeyd ediblər.
Qeyd edək ki, redaksiyamız oktyabrın 29-da sözügedən xəstəxananın təmirə bağlanmasına baxmayaraq, binada heç bir iş aparılmaması ilə bağlı sakinlərin şikayətini işıqlandırıb.
Sumqayit24.az-a TƏBİB-dən bildirilib ki, Hacı Zeynalabdin qəsəbəsində yeni xəstəxana binasının tikintisi nəzərdə tutulur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilib və yeni binanın tikintisi üçün yer müəyyən edilib.
"3 nömrəli Şəhər Xəstəxanasının mövcud binasının hazırda istifadə edilməyə yararsız vəziyyətdə olduğu üçün orada yeni binanın tikilməsinə ehtiyac var. Bu istiqamətdə layihələndirmə işləri həyata keçiriləcək və problemin həlli ilə bağlı tədbirlər mərhələli şəkildə icra olunacaq", - deyə məlumatda qeyd olunub.