Vergi borcu ola-ola tenderin qalibi seçilən Sumqayıt Melioservis İdarəsi açıqlama verib. Sumqayıt24 bu haqda 26 iyul tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satın alınması üzrə tender “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən keçirilb.
Nəticədə qalib olan Sumqayıt Melioservis İdarəsi ilə 905.718,82 manat məbləğində müqavilə imzalanıb. Lakin adıçəkilən qurumun 104.174,22 manat vergi borcu olması səbəbindən bir çoxları “qələbəni” qanunsuz hesab edib.
Melioservis İdarəsindən məsələyə aydınlıq gətirilib. Bildirilib ki, tender vaxtı yaranan borc cari vergi borcu olub və tam olaraq dövlət büdcəsinə ödənilib: "Hal-hazırda müəssisəmizin dövlət büdcəsinə heç bir tədiyyə növü üzrə borcu yoxdur".
Qeyd edək ki, qurum ötən ay 6 tenderin qalibi olub.