Çin hökuməti bu yaxınlarda uçan taksilərlə bağlı qərar qəbul edib. Qərara görə, müəyyən şirkətlər uçan avtomobillərlə taksi xidmətini həyata keçirəcək. Amma dünən Bakıda baş verən hadisə sübut etdi ki, biz bu sahədə Çini ötə bilərik və hətta ötdük də. Söhbət Heydər Əliyev prospektində baş verən və sosial şəbəkələrdə geniş müzakirə yaradan qəzadan gedir. Biz adətən bu kadrları filmlərdə görürdük. Amma “bəxtimiz gətirdiyi” üçün dünən canlı şahidi də olduq.
Qəzadan sonra məlum olub ki, sürücünün ayağında elektron qolbaq olub və avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə edib. Baş verən hadisə bir daha taksi fəaliyyəti ilə bağlı eyni problemləri gündəmə gətirdi. Baş verən hadisə bəzi şirkətlərin həris, acgöz, 3-5 manat qazanc üçün insan həyatını heçə saydığını bir daha gündəmə gətirdi. Uzun müddətdir paytaxtda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı gün ərzində onlarla şikayət səsləndirilir, sosial şəbəkələrdə videolar paylaşılır. Amma daşdan, qayadan səs çıxsa da, taksi şirkətləri abırlarına bükülüb problemi həll etmirlər ki, etmirlər. Nəticədə əziyyət çəkən, qəzaya düşən, tıxacda vaxt itirən sərnişin olur. Qəzalar zamanı xəsarət alan sərnişinlər olsa da, taksi şirkətlərinin rəsmiləri isti ofislərdə, rahat kreslolarda əyləşərək pullarını qazanırlar. Ziyanı ödəmək ya sığorta şirkətlərinin, ya da şəxslərin üzərinə düşür. Bir ara “Prius” qəzalarının dəbdə olduğu dövrdə ödəniş etməkdən boğaza yığılan sığorta şirkətləri bu avtomobilləri sığortalamaqdan boyun da qaçırırdılar. Çünki günün istənilən saatında, istənilən küçəsində hansısa “Prius”un ya divara “dırmaşdığını”, ya aşdığını, ya da adi şəraitdə dəhşətli qəza törətdiyinin şahidi olurduq. Səbəb isə sadə idi: sürücülük mədəniyyəti, sürücülük qabiliyyəti olmayan şəxslər “bir tikə çörək qazanıram” bəhanəsi altında gizlənərək hər gün yüzlərlə insanın həyatını riskə atır, taksi şirkətləri də buna göz yumurdular. Əziyyət çəkən isə sərnişinlər idi. Sifariş verirsən, proqram bir avtomobil göstərir, gələn isə başqa maşın. Sifariş verirsən, proqram bir sürücü göstərir, gələn isə başqa şəxsdir. Hər gün taksi xidmətindən qadınların, qızların, yaşlıların, məktəblilərin istifadə etdiyini də nəzərə alsaq, ortaya çıxan dəhşətli mənzərəni təsəvvür etmək o qədər də çətin deyil.
Sifariş verirsən, taksi gəlir, əyləşirsən. Fikirləşirsən ki, bir azdan mənzil başına çataram. Amma yolu, şəhəri, küçələri tanımayan sürücü səni elə yollarla aparır ki, mənzil başına çatanda ürəkbulanmadan, başağrıdan uzun müddət özünə gələ bilmirsən. Sifariş verdiyin taksiyə əyləşirsən, çirkdən, iydən ürək bulanır, baş gicəllənir. Hələ bir də sürücü siqaret çəkərək tüstüsünü salona buraxırsa, yol da tıxacdırsa, vay halına! Bu da azmış kimi, sürücü qiymətlərdən, yollardan deyinməyə başladısa, təbrik edirəm, mənzil başına əla əhval-ruhiyyədə çatacaqsan.
Bir ara xəbər çıxdı ki, taksi şirkətlərinə sürücülər imtahanla götürüləcək və ciddi nəzarət mexanizmi olacaq. “Prius” qəzalarından, çirkli salonlu maşınlardan, deyingən və yolu tanımayan sürücülərdən bezən sərnişinlər rahat nəfəs almaq istəyirdilər ki, dünən baş verən qəza sübut etdi ki, dəyirman öz işindədir, çax-çax baş ağrıdır. “Prius” qəzalarının yerini “BYD” qəzaları tutacaq, məhkumluğu olanlar sürücü olacaq.
Hələ taksi dərdi az imiş kimi, bir də kuryer problemi şəhər nəqliyyatını lap dözülməz həddə çatdırıb. Günün istənilən saatında, istənilən küçəsində motokuryerlərin qayda pozuntusu, avtomobilləri sağdan ötüb keçmələri, işıqforun qırmızı işığında gəldiyi sürətlə yoluna davam etmələri adi hala çevrilib. Gün keçdikcə motosiklet və kuryer qəzalarının sayında da ciddi artım müşahidə olunur. Bu da bir daha sübut edir ki, müəyyən şirkətlər üçün pul qazanmaq ən vacib amaldır və insan həyatı, təhlükəsizlik heç kəsin vecinə də deyil. Gah piyada keçidində piyadanı vururlar, gah qırmızı işıqda keçib qəzaya səbəb olurlar, gah da tıxaclı yolda ziqzaq hərəkətlə avtomobilləri çaşdırırlar. Kuryer şirkətləri işə götürəndə hansı meyarları tətbiq edirlər, hələ də sirr-müəmma olaraq qalır. Axı, ortada insan həyatı var, insan həyatı! Bəyəm qazanılan 3-5 manat insan həyatından bu qədərmi vacibdir? İnsan həyatını bu qədərmi heçə sayırıq? Nə vaxt biz bu qədər biganə, acgöz olduq? Bəlkə dayanaq, stop deyək? Bəlkə taksi və kuryer şirkətləri işə götürdükləri şəxsə 1 ay, 2 ay təlim keçsinlər? İş öyrətsinlər, yol öyrətsinlər, küçə öyrətsinlər, elementar etik qaydaları öyrətsinlər, yol hərəkət qaydalarını öyrətsinlər? Nə qədər ki, tam gec deyil, bu, baş verməlidir. Əks halda uçan taksilərin də sayı artacaq, ziqzaq motokuryerlərin də. Nəticədə əziyyət çəkən sən, mən, biz, siz olacağıq. Çünki qəzalar həm insan həyatını riskə atır, həm də onsuz da tıxaclı olan şəhəri daha da dərin tıxaca qərq edir.
Nə deyirsiniz, bəlkə düşünək?
Sara Məmmədli