Sumqayıt şəhərində may ayında fəaliyyətə başlayan Bələdiyyə parkında yaranan vəziyyətlə bağlı sakinlərdən şikayət var.
Sumqayit24.az-a müraciət edən vətəndaşların iddiasına görə, parkda bəzi vətəndaşlar ictimai davranış qaydalarına riayət etmir. İddia olunur ki, bəzi şəxslər ərazidə spirtli içki qəbul edirlər və özlərini apara bilmirlər.
Vətəndaşlardan biri müraciətində parkın uşaqların və ailələrin istifadə etdiyi ictimai məkan olduğunu vurğulayaraq, belə halların yolverilməz olduğunu bildirib.
"Belə ictimai yerdə, uşaqların və qadınların olduğu məkanda içki içilməsi və sərxoş insanların özlərini idarə edə bilməməsi nə dərəcədə doğrudur? Biz bu parkdan təhlükəsiz və rahat şəkildə istifadə etmək istəyirik. Bir ana kimi xahiş edirəm, bu məsələ işıqlandırılsın. Təəssüf ki, digər halları çəkə bilmədim. Şəxslərdən biri o qədər içmişdi ki, sərxoş vəziyyətdə yerə sərilmişdi. İçki içib söyüşlə danışırdılar, sonda isə zibillərini qoyub getdilər", - deyə sakin iddia edib.
Vətəndaşlar bu kimi halların artmaması üçün müvafiq qurumlardan ərazidə nəzarət tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.