Xəbər verdiyimiz kimi, Sumqayıtda yaşıllıqların üzərindəki həşəratlar diqqət çəkib.
Belə ki, 1-ci mikrorayonda, Cəfər Cabbarlı küçəsində yerləşən tut ağaclarının üzərində təhlükəli zərərverici hesab olunan Amerika ağ kəpənəyi adlanan həşəratlara rast gəlinir.
Məsələ ilə bağlı Sumqayit24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, el arasında tırtıl kimi tanınan Amerika ağ kəpənəyi rütubətli və yağışlı hava şəraitində artır və çoxalır.
Onun sözlərinə görə, bu zərərvericilər əsasən ağaclara ciddi ziyan vurur:
"Amerika ağ kəpənəyi ağacların qurumasına və ya məhsuldarlığının, keyfiyyətinin azalmasına səbəb ola bilər. İnsanlarda isə bəzi hallarda allergik reaksiyalar və qaşınma yarada bilər".
Sumqayit24.az-ın sorğusuna Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsindən isə bildirilib ki, qeyd olunan müraciətlə bağlı göstərilən əraziyə baxış keçirilib və həmin sahədə zərərvericilərə qarşı müvafiq dərmanlama işləri aparılıb:
"Bu işlər həm planlı şəkildə, həmdə vətəndaş müraciətləri əsasında aidiyyəti qurumlar tərəfindən davamlı olaraq icra olunur. Ümumilikdə şəhərin müxtəlif ərazilərində yaşıllıqların fitosanitar vəziyyətinə nəzarət olunur, aşkar edilən hallarla bağlı operativ tədbirlər görülür".
Bundan əlavə, idarə sakinlərə müraciət edərək bildirib ki, vətəndaşlar yaşıllıq sahələrində hər hansı problem və ya zərərverici halları müşahidə etdikdə aidiyyəti qurumlara məlumat verə bilərlər.