Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.
Məlumata görə, 30 yaşlı Vidadi Mayılov (şərti adla) yaşadıqları evdə mübahisə zamanı qayınatasının əsası (çəlik) ilə arvadının qollarına və kürəyinə zərbələr vurub. Nəticədə qadın xəsarətlər alıb.
Faktla bağlı zərərçəkən qadın polisə müraciət edib. Müraciət əsasında V. Mayılov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 5 il əvvəl ailə qurublar və 2 övladları var. Qayınatasıgilin evində yaşayırlar. Hadisə olan günü gecə saatlarında evə içkili gəlib və arvadı bu vəziyyətə etiraz edib. Nəticədə cütlük arasında mübahisə yaranıb.
Mübahisə zamanı Vidadi qayınatasının çəliyini götürərək arvadına zərbələr endirib. Bundan sonra qayınatası onun üstünə qışqırıb və Vidadi də evdən çıxıb.
V. Mayılov əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, zərərçəkmişlə barışıb və arvadı ondan şikayətçi deyil.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Vidadi Mayılov məsuliyyətdən azad olunub.
Mənbə: Lent.az