Sumqayıtda "Erkən nikah”, ”Məişət zorakılığına və insan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. Bu haqda 3 may tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Maarifləndirici tədbir 7 nömrəli tam orta məktəbdə baş tutub. Toplantıda şəhər icra başçısının müavini, Məişət Zorakılığı üzrə Komissiyanın sədri Ülviyyə Müzəffərova, Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və psixoloqu Ülvi Zeynalov, adıçəkilən Təhsil İdarəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva iştirak ediblər. Çıxış edənlər erkən nikahın törətdiyi fəsadlardan, məişət zorakılıgı anlayışı, formaları, müdafiə üsulları, o cümlədən məişət zorakılığının qarşısının alınması üsulları haqda ətraflı məlumat veriblər. Tədbir diskussiya şəklində davam etdirilib.