Sumqayıt deyəndə ilk olaraq ağlımıza bu sənaye şəhərinin simvolu, buradan yolu düşənin, yerli sakinlərin şəkil çəkdirdiyi “Sülh göyərçini” abidəsi gəlir. Gənclər şəhəri də deyilən bu gözəl məkan respublikanın Bakıdan sonra ikinci böyük şəhəri də sayılır. Həqiqətən də heç də paytaxtdan geri qalmayan və dəniz kənarında yerləşən Sumqayıt gözəlliyi və səliqəli, planlı küçələri ilə xoş təəssürat yaradır. Demək olar ki, Sumqayıt yarandığı gündən bu yana müxtəlif regionlardan, rayonlardan, kəndlərdən köçənlər üçün dogmalaşıb, əziz olub. Hətta Birinci Qarabağ müharibəsindən sonra Qubadlı, Zəngilan və digər rayonlardan olan məcburi köçkünlər də Sumqayıta pənah gətiriblər, burada yaşayıb, oğul-uşaq sahibi olublar. Düzdür, torpaqlar işğaldan azad edildikdən sonra dogma yurda da köç başlayıb, bununla belə, əminliklə söyləmək olar ki, bu şəhər keçmiş məcburi köçkünlər üçün ikinci vətən olaraq qalmaqda davam edəcək.
Sumqayıtın geniş küçələri, enli prospektləri, planlı məhəllələri göz oxşayır. Hələ Sovetin dövründən burada bütün İttifaqda məşhur olan yaşıl sarmaşıqlı bina bu gün də şəhərə gələnlərin əsas görmək istədiyi obyektlərdəndir. Son illər Sumqayıtın siması dəyişib, gözəlləşib, yeni-yeni məhəllələr, yaşayış kompleksləri inşa edilib, müxtəlif istehsal müəssisələri yaradılıb. Bütün bunlar əla, xoş. Bununla belə, işin bir amması da var. Amma bu işin amması da bir deyil, iki deyil, üç deyil. Çünki respublikanın ikinci böyük şəhərinin, gözəlliyi ilə bir çox şəhərlərdən heç də geridə qalmayan Sumqayıtın əslində bir sıra problem və dərdləri də var.
Birinci ondan başlayaq ki, ötən əsrin ortalarında təməli qoyulan şəhərdə köhnə, qəzalı vəziyyətdə olan 2-3 mərtəbəli binaların sayı kifayət qədərdir. Bu da həm insanlar üçün narahatlıq yaradır, həm də təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Elə sumqayıtlılar kimi biz də ümid edirik ki, 2025-ci ildə sənaye şəhəri əsas dərdlərindən biri olan qəzalı binalardan qurtular, yerində gözəl-göyçək məhəllələr salınar.
Elə binalardan söz düşmüşkən, Sumqayıt sakinlərini narahat edən məsələlərdən biri də binaların zirzəmisini basan su ilə bağlıdır. Açığı, bu problemi yazıb işıqlandırmaqdan biz yorulduq, AzərSu isə adına uyğun olaraq, ağzına su alıb oturmaqdan, bu tip problemi kökündən həll etməkdən boyun qaçırmaqdan yorulmadı ki, yorulmadı.
Elə AzərSu-dan söz düşmüşkən, bunu da qeyd edək ki, qurumun kanalizasiya idarəsi də Sumqayıtın bir sıra məhəllələrində yarıtmaz fəaliyyət göstərir. Bunu elə o ərazidə yaşayanların özləri sübut edirlər. Çünki ərazidən bəzən üfunət, kanalizasiya iyindən keçmək olmur. O məşhur deyimdəki kimi, ya bir nəfər lazımdı, gedə otura AzərSu-nun elçi daşının üstündə, çıxa çənə-boğaza ki, sakinlərin dərdini həll edə, ya da kiii. Məncə burada ikinci variant yoxdur, problem həll edilməlidir və Yeni ilə uyğun olaraq ümid edək, düşünək ki, bu məsələ də öz həllini tapacaq. Axı o mötəbər qurumlarda, isti otaqlarda, dəri kreslolarda əyləşənlər anlamalıdırlar ki, ilk olaraq yerli sakinləri düşünmək, onların komfortunu, rahatlığını həll etmək lazımdır. Çünki dövlət büdcəsindən bu işə kifayət qədər vəsait ayrılır. İkincisi də, düşünmək lazımdır ki, bu şəhərə az-çox turist, qonaq gəlir. Bəs sumqayıtlıların başını onların yanında aşağı etmək nə dərəcədə düzgündür?
Dərd orasındadır ki, bu binaların problemi təkcə bununla bitmir. Bir çox binanın qarşısında, yanında, həyətində vaxtilə əkilmiş, müxtəlif dövrlərdə sakinlər üçün çətir və sərinlik rolunu oynayan ağaclar arasında köhnələn, çürüyən, budaqları qırılıb həyətə tökülən, güclü küləyin təsirindən aşan və fəsadlar törədənlər də əslində problem sayılır. Təəssüf ki, müvafiq qurum bu məsələyə əncam çəkmir, köhnə ağacları yeniləri ilə əvəzləmir. Amma hər dəfə güclü küləkdən sonra Sumqayıtda aşan ağacların törətdiyi fəsadlar barədə kifayət qədər xəbər çıxır. Qurum isə susur ki, susur.
Sumqayıtda yerli sakinlərin ən çox əziyyət çəkdiyi məsələ sərnişindaşıma ilə bağlıdır. İlon Mask Marsda koloniya qurmağa hazırlaşır, bu iş üçün hava gəmiləri üzərində düşünür, çinlilər Aya, Şimali Koreya kosmonavtları Günəşə uçur (bu fantastika olsa da, Şimali Koreya mətbuatı belə bir xəbər yaymışdı), bunun üçün nəqliyyat vasitəsi də tapır. Amma di gəl ki, respublikanın ikinci ən böyük şəhərində sakinləri mənzil başına çatdırmaq üçün nə düzəməlli avtobus tapılır, nə də o avtobusu idarə edəcək sürücü. Elə avtobusların hərəkət qrafiki də sumqayıtlıların əsəbini tarıma çəkən məsələlərdən biridir. Elə olur ki, 30, 40, bəzən 50 dəqiqə avtobus gözləmək məcburiyyətində qalırlar. Hələ bu abzasa bərbad vəziyyətdə olan dayanacaqları da əlavə etsək, yanılmarıq. İndi biz də qoşulaq sumqayıtlılara, dərdimizi kimə deyək? Çünki portal olaraq bu problemi işıqlandırmaqdan klaviaturada avtobus sözünü yazmaq üçün istifadə edilən hərflər pozulmaq üzrədir.
Elə yeri gəlmişkən, bu avtobusların hərəkət etdiyi yollardan da kifayət qədər ciddi şikayət, narazılıq var. Çala-çuxur yollar, xüsusən də ara məhəllələrdə illərdir təmir üzünə həsrət qalan küçələr, gecə qaranlığında zülmətə qərq olan, adı işıq dirəyi olsa da, bəzək kimi durmaqdan başqa heç bir işə yaramayan dirəklər də problemin həllini gözləyir. Elə yerli sakinlər də. Döyülməyən qapı, şikayət edilməyən qurum qalmasa da, çarə bir tikə yağlı əppək olub, çıxıb göyə.
Bu yaxınlarda qəzalı vəziyyətdə olan Saray körpüsünün sökülərək yenidən inşa edilməsi sakinlərin əməlli-başlı sevincinə səbəb olsa da, söküntünün ilk günü öz problemlərini də gətirdi. Məsələ burasındadır ki, söküntü ilə əlaqədar hər zaman öyrəşdiyimiz “alternativ yollardan istifadə edin” cümləsi bu dəfə də fiaskoya uğradı. Alternativ yol isə Sarayın dar və keçilməz küçələri, asfalt örtüyü dağılmış yollarıdır. Bu da uzunmüddətli tıxaclara, vaxt itkisinə, əsəbə və əlavə xərclərə səbəb olur. Ümid qalıb ona ki, tezliklə körpü inşa olunar və yerli sürücülər rahatlığa çıxar.
Yolların dərdi təkcə asfalt örtüyü ilə bağlı deyil. Sakinləri narazı salan məsələlərdən biri də bir sıra obyekt və restoran sahiblərinin küçələrdə tramplin quraşdırmasıdır. Hələ bu da azmış kimi səkilərin zəbt edilməsi, alver məqsədi ilə obyektlərə əlavə edilməsi də anlaşılan deyil. Evin içində təmir zamanı bir kərpic qoyan kimi polisindən, FHN-indən tutmuş, hamının qapı döydüyü və tikinti qaydalarına uyğun hərəkət edib-etmədiyi soruşulduğu bir dövrdə küçələrdə baş verən bu özbaşınalıqların qarşısı nə zaman alınacaq? Gözləyək, səbr edək.
Yol demişkən, Sumqayıtda kifayət qədər şikayət edilən ərazi dəmiryolu vağzalının qarşısıdır. Burada yaşanan xaosa heç Banqladeşdə rast gəlmək olmaz. Piyada keçidlərinin silinib tanınmaz vəziyyətdə olması, dayanacaqların olmaması, sürücülərin yolun ortasında parkinq yaratması hərəkətin iflic olmasına gətirib çıxarır. Görəsən, müvafiq qurumun bir litr ağ boyası yoxdur ki, piyada zolaqlarını bərpa etsin? Bir çox küçənin hər iki tərəfində parkinq quran Azparkinq nəycəb bu cür yeri nəzərindən yayındırıb? Axı, belə xaotik vəziyyət qəzalara, ən pisi isə insan tələfatına səbəb ola bilər?
O ara məhəllə və qəsəbələrin elə bilirsiniz ki, dərdi təkcə avtobus və yoldur? Hava dəyişən kimi elektrik enerjisinin verilişi və qazın ötürülməsində də problem yaranır, işıq ya zəifləyir, ya da kəsilir. Sakinlər saatlarla susuz, qazsız, işıqsız qalırlar. İlin-günün bu vaxtı işıqsız, qazsız qalmağın da nə demək olduğunu hamı bilir. Dərd orasındadır ki, soyuqdan donan təkcə bu bina və məhəllələr deyil. İstilik mövsümünə noyabr ayında start verilsə də, hələ də bəzi binalar, məktəb və uşaq bağçalarında da bu problem elə problem olaraq qalır. Şikayətə isə baxan yoxdur. Biri deyir mənlik deyir, o biri atır digərinin üstünə, üçüncü də deyir ki, mən pas, mənim ümumiyyətlə aidiyyatım yoxdur. Yaxşı, məktəb və uşaq bağçası soyuqdan donursa, Azərİstilik, Təhsil İdarəsi, Qaz idarəsi günahkar deyilsə, gedək günahkarı başqa yerdə axtaraq?
Bu problemlərə məncə müharibə veteranlarını da narahat edən məsələni əlavə etmək olar. Söhbət Sumqayıt şəhərindəki 4 nömrəli xəstəxanadan gedir. Bu tibb ocağında müalicə alan müharibə iştirakçılarını xəstəxananın təmirsiz, şəraitsiz vəziyyəti narahat edir. Məncə bu vəziyyət təkcə onları yox, elə hamını narahat etməlidir. Çünki torpaqlarımızın azadlığı uğrunda canından, sağlamlığından keçən şəxslərə belə münasibət ən azı haqsızlıqdır. Ümid edək ki, Səhiyyə qurumu qısa zaman ərzində bu məsələyə əncam çəkər, xəstəxana normal standartlara uyğun təmir edilər.
Yazının əvvəlində də qeyd etmişdik ki, Sumqayıt əslində Bakı kimi gözəl şəhərdir və Sumqayıt bulvarı Bakı bulvarı ilə rəqabət apara biləcək səviyyədədir. Amma bu gözəl bulvarın da özünəməxsus problemləri, dərdləri var. Elə bu problemlərdən ən çox əziyyət çəkənlər də əlilliyi olan şəxslərdir. Məsələ burasındadır ki, insanların istirahəti, dəniz havası udması üçün nəzərdə tutulan bulvarda əlil şəxslər unudulub. Çünki pilləkənlərdə panduslar tam quraşdırılmayıb və bu şəxslər bulvara həsrət qalıblar. Çarə isə ya onlara yardım edərək, bulvara enməyə kömək etməyi boynuna götürən şəxslərədir, ya da müvafiq qurumun insafa gələrək, pandus məsələsini həll etməsidir. Yoxsa, əlilliyi olan şəxslər hələ uzun müddət bulvara həsrət qalacaqlar.
Gənclər şəhərinin problemi, dərdi-səri bunlarla da bitmir. Zibillərin daşınmaması, ya da daşınarkən ətrafda antisanitar vəziyyətin yaranması, xəstəxanalardakı vəziyyət, restoranların ətrafı zibilləməsi, küçə ticarəti ilə məşğul olan alverçilərin ara məhəllələri çirkləndirməsi, səkilərin bəzi sahibkarlar tərəfindən zəbt edilməsi və sairə və ilaxır. Bizdən problemləri sadalamaq, işıqlandırmaq, müvafiq qurumlardan isə hərəkətə keçərək, onları həll etmək. Düzdür, bu qədər problemin qısa müddətdə həllini gözləmək təkədən pendir tutmaq qədər absurddur. Amma ümid edək ki, Gənclik şəhərinin bu problemləri zaman keçdikcə həll ediləcək, nə vaxtsa biz də Sumqayıtla bağlı problem yazmaq istəyəndə günlərlə material üzünə həsrət qalacağıq. Təki biz belə problemlə üzləşək, amma Sumqayıt sakinləri problemdən, dərddən, sərdən uzaq olsunlar.
Hikmət Şükürov