Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mətbuatda bacısı ilə birgə Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Pravda.az-ın suallarını cavablandıran komitə sədri deyib ki, bu məlumat həqiqətə uyğun deyil.
"Sənəd göstərəydilər ki, villa mənim adımadır. Boş-boş danışıqlar kimə lazımdır? Özündən sensasiya yaradan insanlardır...", - H.Hüseynova bildirib.
Qeyd edək ki, daha əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli sözügedən məsələ ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
Xatırladaq ki, Hicran Hüseynova sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 76,6% səslə qalib gəlib. O, bir müddət öncə dəyəri təqribən 10.000 manatlıq dəbdəbəli sumkası ilə gündəmə gəlib.