Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.
Dövlət başçılarına layihə barədə məlumat verilib.
Bildirildi ki, "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır.
Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək.
Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.
Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.