Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb.
Hadisə "Laləli" körpələr evi-uşaq bağçasında baş verib.
Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı 9 oktyabr saat 17 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılıb və sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.
Bağçadan isə bildirilib ki, hadisə baş verən kimi valideynə məlumat verilib. Uşağın atası uzaqda olduğunu və övladını bibisinin götürəcəyini deyib.
Azyaşlının atası məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qarşılıqlı iddialara hüquqi qiymət verilməsi və hadisənin təfərrüatının müəyyənləşdirilməsi aidiyyəti qurumların araşdırmasından sonra mümkün olacaq.
Mənbə: Xəzər TV