Sumqayıt Dövlət Universitetində “Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda tədbir keçirilib. Bu haqda 7 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
“Gənc politoloqlar” klubunun təşkilatçılığı ilə keçirilən toplantıda Tarix və coğrafiya fakültəsinin professor-müəllim, həmçinin tələbə heyəti iştirak edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “Qərbi Azərbaycan icmasının yaranma zərurəti”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müəllimi Nailə Qasımova “Qərbi Azərbaycan ərazisində soyqırımına məruz qalan milli-mədəni sərvətlərimiz”, fakültənin tələbələri Əbülfəz Məmmədov “Ermənistanın etnik təmizləmə siyasəti”, Samir İsmayılov ”Avropa İttifaqı və Ermənistan” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılar Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı geniş fikir mübadiləsi aparıblar.