Sumqayıtda ahıl kişi evsiz qalıb. Sumqayıt24 bu haqda 14 fevral tarixində İctimai TV-yə istinadən xəbər verir.
68 yaşlı İsaq İsmayılov küçədən tapdığı papağı balış, cırıq-sökük paltosunu isə yorğan kimi istifadə edir. Sakinlər deyirlər ki, divan bura atılandan qoca bu əraziyə gəlib. Əvvəllər o, başqa küçələrdə yerdə yatırdı.
“Bu insan hər gün gəlir bu divanda yatır, oturur, başıaçıq uzanır. İki gün bundan əvvəl təcili tibbi yardım çağırdılar. 2-3 uşaq gördü ki, kişinin əli-ayağı əsir, vəziyyəti pisdir. Təcili yardım gəldi, kişiyə iynə vurdular və oradaca qoyub getdilər. Hər səhər gəlir, axşama qədər bu divanda yatır, oturur. Zibilxanalardan çörək qırıntıları yığır”, – deyə sakinlər əlavə ediblər.
İsaq İsmayılovun sağlamlığındakı problemlər onun yerişindən, danışığından da hiss olunur. Onun eşitmə qabiliyyəti də zəifləyib. Uzun müddət soyuq daşların üzərində yatan İsaq kişinin sözlərinə görə, bu illər ərzində çox yerlər dəyişib:
“24 nömrəli məktəbin həyətində qalıram. Yəni ev oradadır. 68 yaşım var. İki qızım var, ailəlidirlər. Yoldaşım isə qudurub”.
İsmayılov həyat yoldaşı tərəfindən 4 ildən çoxdur ki, evdən qovulub. Böyütdüyü iki qız övladı da ailə qurandan sonra atalarını unudub. Dövlət 68 yaşlı qocaya pensiya versə də, məvacibi arvadı alır:
“Çöllərdən zibil yığıram. Mənim pensiyamı yoldaşım alır. Ona görə də vəsiqəmi vermir”, – deyə o bildirib.
Ətraf binaların sakinləri ara-sıra onu yedirir, isti geyim verərək yardıma əl uzadırlar.
İsaq İsmayılovun qocalar evi, sığınacaq kimi hər hansı müəssisəyə yerləşdirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinə müraciət edilib. Hər iki qurum yoxlamalar aparıb.
Agentlikdən bildirilib ki, İsaq İsmayılov tibb müəssisəsinə yerləşdirilib:
“Hazırda onun müalicəsi davam etdirilir. Müalicə ilə paralel olaraq onun yerləşdirilməsi məsələsinə də baxılır”.