Sabah Novruzun ilk çərşənbəsi qeyd olunacaq.
Sumqayit24.az xəbər verir ki, Su çərşənbəsi fevralın 25-nə, Od martın 4-nə, Yel martın 11-nə, İlaxır - Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək.
Su çərşənbəsi – Novruzun ilk çərşənbəsi sayılır. Bu gün “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
Bu çərşənbə, adətən, havaların isinməyə başladığı, çaylardakı buzların əridiyi vaxtla üst – üstə düşür. Su çərşənbəsində masa üzərinə su qoymaq lazımdır, masada suyun aşması isə xeyirliyə yozulur. Əgər süfrəyə su tökülərsə, həmin ilin bol bərəkət gətirəcəyi guman edilir.
Su – bolluq, təmizlik və aydınlıq rəmzidir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Qədim inanclara görə, təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahları yuyulur. Bundan əlavə, Su çərşənbəsi günü axar sudan keçənlər il boyu xəstəliklərdən uzaq olarlar.