Polkovnik-leytenant Ramiz Cəfərovun şəhid olduğu gündür.
Sumqayit24.az xəbər verir ki, Ramiz Sübhan oğlu Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeyevka şəhərində anadan olub. 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli məktəbdə, 1985-1989-cu illərdə 11 nömrəli məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi.
Polkovnik-leytenant Ramiz Cəfərov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda döyüşlərdə savaşıb. O, buradaca noyabrın 6-da şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.
Ramiz Cəfərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.