Sumqayıtda Vətən müharibəsi şəhidinin anım günü keçirilib. Sumqayıt24 bu barədə 1 oktyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Şəhid Səmid Əliyevin anım mərasimi Şəhidlər xiyabanında başlanıb. Onun məzarı ziyarət edilib və xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir şəhidin yaşadığı evdə davam edib.
Səmid Əliyev 2001-ci il iyul ayının 5-də Coratda anadan olub. O, qəsəbədə 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Səmid Əliyev Füzuli döyüşlərində savaşıb. Səmid Əliyev 1 oktyabrda Füzuli rayonu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.