Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub. Bu barədə 10 sentyabr tarixində president.az saytına istinadən xəbər veririk.
Söhbət 2 saylı tam orta məktəbdən gedir. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Ən müasir dünya standartlarına uyğun tikilən təhsil oçağının sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışaqədərki hərbi hazırlıq kabineti, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkxana var. Təhsil müəssisəsində məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub.
STEAM mərkəzi elektron lövhə, kompüter, 3D printer, müvafiq öyrədici qurğular, elektron komponentlər, dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, dron uçuş otağı, təlim, robototexnika otaqları var.