Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin əməkdaşları Sumqayıtda seminar keçiriblər. Sumqayıt24 bu haqda 7 aprel tarixində xəbər verir.
Sumqayıt Dövlət Universitetində (SDU) baş tutan görüş müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin nəticələrinə həsr olunub. Burada SDU-nun Tədris Metodik Mərkəzinin direktoru Faiq Şirinov, Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin əməkdaşları Ülvi İsmayılov, Tükəzban Quliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və SDU-nun dekanları, kafedra müdirləri, müəllimlər iştirak ediblər.
Çıxışçılar ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat veriblər. SDU-da pedaqoji ixtisaslarda oxuyan və məzun olmuş tələbələrin MİQ imtahanlarındakı nəticələri açıqlanıb.
Sonda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.