Xalq artisti Könül Xasıyevanın pabın açılış mərasimində muğam ifa etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sumqayit24.az xəbər verir ki, sosial şəbəkələrdə məsələ ilə bağlı fərqli fikirlər səsləndirilib.
Bəzi istifadəçilər sənətçinin çıxışını dəstəkləsələr də, digərləri Xalq artisti adına sahib olan bir sənətkarın belə məkanlarda çıxış etməsini məqsədəuyğun hesab etməyiblər.
Məsələ ilə bağlı Sumqayıtın deputatı Elnarə Akimova redaksiyamıza açıqlama verib.
Deputat bildirib ki, Könül Xasıyeva böyük sənətkardır, Azərbaycan muğam sənətinə verdiyi töhfələr və qazandığı dövlət təltifləri onun sənətinə göstərilən yüksək ehtiramın ifadəsidir:
"Sənətkarın harada çıxış etməsi, hansı auditoriya qarşısında oxuması, əlbəttə, onun şəxsi seçimidir. Mən sənətin məkanlarla məhdudlaşdırılmasının tərəfdarı deyiləm.
Amma Xalq artisti adı həm də ictimai məsuliyyət və nümunə deməkdir. Belə sənətkarların çıxış etdiyi mühitə və milli sənətimizin təqdimatına həssas yanaşması gözləniləndir. Bu, qadağa deyil, sənətə və sənətkarın nüfuzuna hörmət məsələsidir".
Elnarə Akimova sonda əlavə edib ki, Könül Xasıyevanın sənətinə hörmət müzakirə olunan bir çıxışla ölçülməməlidir:
"Sənətkarın harada oxuması onun seçimidir, lakin sənətin necə təqdim olunması onun peşəkar məsuliyyətidir".