Bu gün, Sumqayıt şəhərinin 26-ci məhəlləsində şəhid Ülvi Hüseynov və şəhid Ülvi Məhərrəmovun xatirə abidəsi açılıb. Bu haqda bu gün, 15 yanvar tarixində Sumqayıt24 məlumat verir.
Abidənin açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, dostları, Sumqayıt İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Qubadlı İcra Başçısı Malik İsaqov və digər əməkdaşlar iştirak ediblər.
Abidənin üzərində şəhid Ülvi Hüseynov və şəhid Ülvi Məhərrəmovun fotoları mərmər lövhələrdə əks olunub.
Ülvi Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Məhərrəmov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Leytenant Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ülvi Möhsün oğlu Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub. Vətən müharibəsi zamanı Ülvi Hüseynov Füzuli, Hadrut, Qubadlı, Laçın rayonlarında döyüş yolu keçib. Düşmənin 15 ədəd hərbi texnikasını ələ keçirib və ordumuza təhvil verib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Şəhid kapitanımız II Fəxri Xiyabanda dəfn edilib.
Kapitan Ülvi Hüseynov "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib. Bundan əlavə kapitan Ülvi Hüseynov «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı, «Vətən Müharibəsi Qəhrəmanı», «Şücaətə görə», «Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə), «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı və «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edilib. [modula id="8019"]