Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 14-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.
Vətən müharibəsinin 18-ci günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən torpaqları – Füzuli və Xocavənd rayonlarının yaşayış məntəqələrini elan edib: Qaradağlı, Xatınbulaq, Qarakollu, Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri.
44 günlük Vətən müharibəsinin 18-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib:
- Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tvitter səhifəsində paylaşım edib.
- Prezident İlham Əliyev Fransanın "France 24" televiziya kanalına müsahibə verib.
- Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd "Elbrus" raket qurğusunu raketlərlə birlikdə məhv edib.
- Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.
- Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.
- Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.
- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.