Yaxın günlərdə sosial şəbəkə hesablarımızda "100 manat büdcə ilə səbəti hansı məhsullarla doldurmaq olar?" mövzusunda sorğu keçirmişdik. İzləyicilərin rəyləri göstərir ki, ərzaq və gündəlik tələbat məhsullarının qiyməti bir çox ailə üçün ciddi xərcə çevrilib.
Sumqayit24.az izləyicilərin şərhlərini nəzərdən keçirərək sorğunun nəticələrini təqdim edir.
Şərhlərdən görünür ki, respondentlərin böyük əksəriyyəti 100 manatla ailənin ərzaq səbətini dolu şəkildə təmin etməyin mümkün olmadığını düşünür. Onların fikrincə, bu məbləğ ən yaxşı halda bir neçə günlük bazarlığa çatır, bəzi hallarda isə yalnız ən zəruri məhsulları almağa imkan verir.
Sumqayıt sakinlərindən biri normal ərzaq səbəti üçün ən azı 300-400 manat lazım olduğunu bildirib. Onun fikrincə, 100 manatla dolu səbət hazırlamaq mümkün deyil.
Digər izləyici isə bu məbləğin cəmi iki günlük bazarlığa kifayət etdiyini qeyd edib. Vətəndaşın sözlərinə görə, ət almaq istədikdə büdcənin böyük hissəsi xərclənir. Toyuq əti seçildikdə belə, digər vacib ərzaq məhsullarını almaq üçün kifayət qədər vəsait qalmır.
Bəzi ailələr üçün vəziyyət daha çətindir. İzləyicilərdən biri uşaq qidası və pampersə artıq 50 manat xərcləndiyini, qalan 50 manatla isə ailənin digər ehtiyaclarını qarşılamağın çətin olduğunu yazıb.
Şərhlərdə diqqət çəkən başqa bir məqam da gündəlik alış-veriş zamanı xərclərin gözləniləndən daha çox olmasıdır. Bir sıra vətəndaşlar bir neçə kiçik məhsul almaq üçün marketə daxil olduqda belə, kassada 50 manatadək ödəniş etdiklərini bildiriblər.
İzləyicilərdən biri isə bazarlığın təxmini dəyərini ayrı-ayrı məhsullar üzrə hesablayıb. Onun qeyd etdiyinə görə, 2 kiloqram ət 45-50 manat, 2 toyuq 10-15 manat, 2 kiloqram yağ isə 20-25 manat təşkil edir. Beləliklə, yalnız bu üç məhsul üçün təxminən 75-90 manat vəsait tələb olunur. Bu isə 100 manatlıq büdcənin böyük hissəsinin cəmi bir neçə ərzağa sərf edilməsi deməkdir.
Digər şərhlərdə 100 manatla yalnız çörək, çay, yağ, sabun, salfet, yuyucu toz, şampun, tum və bir qədər şirniyyat almağın mümkün olduğu vurğulanıb.
İzləyicilərdən birinin "100 manatı götürüb evdən çıxana qədər 50 manat qalır" ifadəsi isə qiymətlərdən narazılığı əks etdirən rəylər arasında yer alıb.
Ümumilikdə, sorğunun nəticələri göstərir ki, izləyicilərin əsas narazılığı 100 manatın ailənin gündəlik ərzaq və məişət ehtiyaclarını qarşılamaq üçün yetərli olmamasıdır. Vətəndaşların şərhlərində xüsusilə ət, toyuq, yağ və uşaq məhsullarının ailə büdcəsinə yaratdığı yük diqqət çəkir.