Sumqayıtlı cüdoçular dünya çempionatına qoşulacaqlar.
Sumqayit24.az xəbər verir ki, 19–22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan mundialda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. Onların arasında həmşəhərlilərimiz Xədicə Qədəşova (-57 kq) və Süleyman Şükürov (-90 kq) da var.
Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Gənclər arasında dünya çempionatında 82 ölkədən 597 idmançının (319 oğlan, 278 qız) iştirakı nəzərdə tutulub.