Sumqayıtda görkəmli rejissor Rövşən Almuradlı anılıb. Sumqayıt24 bu haqda 20 aprel tarixində xəbər verir.
Tədbir Sumqayıt Dövlət Dram Teatrında keçirilib. Teatrın direktor müavini Vidadi Məmmədov, baş rejissor Firudin Məhərrəmov, Xalq artisti Məzahir Süleymanov, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov, teatrşünas Vaqif Rəsuloğlu, aktyorlar İlqar İbrahimov, Dağlar Rüstəmov, rejissor Sevindik Rəsulov və başqaları Rövşən Almuradlının yaradıcılıq xüsusiyyətlərindən, ədəbi mətnlə və aktyorla iş metodundan, mübarizliyindən söz açıblar. Həmçinin ərsəyə gətirdiyi tamaşa və filmlərin kontekstində onun sənətkar məninə işıq salınıb.
İştirakçılar rejissorun düşüncələrini, yaradıcılıq mövqeyini əks etdirən çarxı izləyiblər. Sonda unudulmaz rejissorun oğlu Kamal atasının Sumqayıt teatrı ilə bağlı xatirələrini bölüşüb.