Vaxtilə avtomobil saxlamaq üçün tikilən qarajlar bu gün daşınmaz əmlak bazarında kifayət qədər yüksək qiymətə təklif olunur. Üstəlik, bu obyektlərin bir qismi artıq təyinatını dəyişərək avtoyuma, təmir sexi və anbar kimi istifadə edilir.
Bəs Sumqayıtda köhnə qaraj almaq istəyənlər nə qədər pul ödəməlidirlər?
Satış elanlarının araşdırılması zamanı sovet dövründən qalma qarajların qiymətləri arasında ciddi fərq olduğu üzə çıxıb. Bu fərqdə əsas amillərdən biri obyektin yerləşdiyi ərazidir.
Paytaxtın Nərimanov və Yasamal rayonlarında bəzi qarajların qiyməti 50-80 min manata qədər yüksəlir. Binəqədi, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində isə bu tip obyektlərə 10-20 min manat aralığında təkliflər var.
Qarajların qiymətinə təkcə yerləşdiyi ərazi deyil, təyinatı da təsir edir. Hazırda belə obyektlərdən avtomobil saxlamaqla yanaşı, təmir sexi, avtoyuma, anbar və digər kommersiya məqsədləri üçün də istifadə olunur.
Beləliklə, Sumqayıtda da bir vaxtlar avtomobil saxlamaq üçün nəzərdə tutulan köhnə qarajlar bu gün minlərlə manat dəyərində əmlak kimi satışa çıxarılır.
Mənbə: Yenisabah.аz