Sumqayıt şəhərində təmizlik işçilərinin əməkhaqlarından müəyyən məbləğdə vəsait tutulduğu iddia edilir.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Onların iddiasına görə, oktyabr ayında süpürgəçilərin əməkhaqlarından 53 manat, onlara nəzarət edən işçilərin maaşlarından isə 100 manat məbləğində vəsait kəsilib.
Şikayətçilər bildirirlər ki, tutulmanın səbəbi ilə bağlı onlara hər hansı rəsmi izahat verilməyib.
Sakinlərin iddiasına görə, əməkhaqlarından növbəti aylarda da tutulmaların davam edəcəyi bildirilib. Onlar qeyd edirlər ki, kəsintilərin səbəbi açıqlanmasa da, bunu yeni ildən maaşların artırılacağı ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən Sumqayıt Təmizlik Departamenti səsləndirilən iddiaları təkzib edib.
"Təmizlik işçilərinə və onlara nəzarət edən şəxslərə əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş məbləğdə ödənilir və heç bir kəsintidən söhbət gedə bilməz", - deyə məlumatda qeyd olunub.