Sumqayıt məktəblisi Məryəm Mehrəlizadə qılıncoynatma idman növündə qazandığı uğurlarla diqqət çəkir.
Sumqayit24.az xəbər verir ki, 37 nömrəli tam orta məktəbin 11Ç sinif şagirdi Məryəm Mübariz qızı Mehrəlizadə 13 yaşından etibarən qılıncoynatma ilə məşğul olmağa başlayıb.
Məşqçisi Xalid Əsədovun rəhbərliyi altında bir il hazırlıq keçdikdən sonra U14 yaş kateqoriyası üzrə yarışlarda iştirak edib.
Gənc idmançı ilk illərdən etibarən bir sıra nailiyyətlər qazanıb. Onun uğurları arasında aşağıdakılar yer alır:
- "Xarıbülbül" Zəfər Gününə həsr olunmuş yarışda III yer;
- Sumqayıt şəhəri üzrə keçirilən yarışda I yer;
- Türkiyənin Antalya şəhərində 23 Aprel bayramına həsr olunmuş, 120 idmançının iştirak etdiyi beynəlxalq yarışda 20-ci yer.
Məryəm uğurlarını növbəti yaş kateqoriyalarında da davam etdirib. O, 3 oktyabr 2026-cı il tarixində U17 kateqoriyası üzrə keçirilən yarışda III yerə layiq görülüb.
Gənc idmançının son nailiyyəti isə 21 noyabr 2026-cı il tarixində keçirilən ölkə birinciliyində qazandığı III yer olub.
Qeyd edək ki, Məryəm "Neftçi" İdman Klubunu təmsil edir.