Bir neçə gün öncə "Sumqayıt" futbol klubu Masaki Murata ilə yolları ayırıb.
27 yaşlı yaponiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Murata 2022/23 mövsümünün ikinci yarısında və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyuna çıxıb. Həmin müddətdə 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha sonra Danimarkaya yollanan futbolçu "Veyle" klubu ilə müqavilə imzalayıb. 2025-ci ilin avqustunda isə yenidən "Sumqayıt"a qayıdaraq 2 illik sözləşməyə imza atıb.
71 nömrəli formanı seçən Muratanın bu dəfəki qayıdışı uğurlu alınmayıb. Buna səbəb yeni baş məşqçi Filipe Kandidonun taktiki planlarında yaponiyalı futbolçuya yer görməməsidir.
Portuqaliyalı mütəxəssis hələ 4 ay əvvəl Muratanı komandanın düşərgəsindən göndərmək istəyib. Lakin futbolçu müqaviləyə xitam verilməsinə razılıq verməyib.
İndi isə başqa klublardan təklifləri olan Murata 2 aylıq kompensasiya qarşılığında müqavilənin qarşılıqlı razılıq əsasında ləğvinə razılaşıb.
Mənbə: Sportinfo.аz