Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablaşmalar” mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
Tədbir İqtisadiyyat və idarəetmə fakültəsi Maliyyə və mühasibat uçotu kafedrası tərəfindən təşkil olunub. Burada İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, “Turan Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnformasiya texnologiyaları üzrə Baş direktor Bəxtiyar Məmmədov iştirak edib.
Təhsil ocağının üzvləri çıxış edərək görüşün əhəmiyyətindən danışıblar. Maliyyə və mühasibat uçotu kafedrasının böyük laborantı Nuranə Bağırova isə “Nağdsız hesablaşmaların formalaşması və inkişaf tarixi” mövzusunda çıxış edib.
Daha sonra söz “Turan Bank” ASC İdarə Heyətinin üzvü, İnformasiya texnologiyaları üzrə Baş direktor Bəxtiyar Məmmədova verilib. O, “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablaşmalar” mövzusunda geniş məruzə edib. Hər kəsin maliyyə bazarında gedən proseslərdən minimal biliyə malik olmasının zəruriliyini yada salıb, gənclərə tədbirin mövzusu kimi niyə məhz nağdsız hesablaşmaların seçilməsindən danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.