Sumqayıtda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib. Bu haqda 6 may tarixində Sumqayıt24 xəbər verir.
Tədbir şəhər Gənclər və İdman Baş İdarəsi, Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsi və 1 saylı Regional "ASAN Xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Burada Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Dəyirmi masa ətrafında davam edən toplantıda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, onun gənc nəslə olan diqqət və qayğısından bəhs ediblər.