Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.
Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.
Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur. Həmin bölgələr arasında Sumqayıt da var:
"Belə ki, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazidə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir.
Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".
Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır:
"Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".
Mənbə: Report.аz