Bakı-Sumqayıt və Bakı-Saray marşrut avtobuslarının paytaxt ərazisindəki dayanacağı dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sumqayit24.az-a verilən məlumata görə, oktyabrın 19-dan 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
Sərnişinlər sözügedən avtobuslara metronun "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən minə bilərlər.
Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.
Həyata keçirilən tədbirlərin paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət etdiyi bildirilib.