Bu gün Vətən Müharibəsi şəhidi Mikayıl Məmmədzadənin doğum günüdür.
Mikayıl İlqar oğlu Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. O, 2009 - 2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Məmmədzadə 2012 - 2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsilə yiyələnib. 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini baş leytenant hərbi rütbəsində davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşini uzun müddət döyüş meydanından götürə bilməyiblər. Dekabrın 28-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Subay idi.
Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.