Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Sumqayıt24 bu haqda 7 may tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Təhsil ocağının vəzifəli şəxsləri tərəfindən 250 min manatdan artıq pulun mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib. Onlar bu əməli 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə çalışmayan müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə yalan məlumatları daxil edərək, əsassız olaraq əməkhaqqı ödəyərək və digər yollarla həyata keçiriblər.
Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. İstintaq aparılır.