Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür.
Sirac Abışov 29 avqust 1989-cu ildə Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb və Sumqayıt şəhərində yaşamağa başlayıb.
1996-2007-ci illərdə Sumqayıt şəhəri 40 nömrəli məktəbdə təhsil alıb. Sonra Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olub, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirib.
Media sahəsinə olan marağı onu 2010-cu ildə "Azərbaycan Dövlət Televiziyası və Radiosu" QSC-yə gətirir. Bir müddət "Yurd TV"də, 2020-ci ilin noyabr ayından isə Xüsusi Çəkiliş Qrupunun tərkibində ordumuzun nəzarətinə keçən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər edib.
4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İyunun 5-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyev Sərəncamına əsasən, şəhidimiz ölümündən sonra "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
***
Bu gün həmçinin sumqayıtlı şəhidimiz Eltun Əliyevin də doğum günüdür.
Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. O, 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulub.
Eltun Əliyev 44 günlük Vətən Müharibəsində iştirak edib. O, ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Oktyabrın 16-da Suqovuşanda düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları, III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.