Sumqayıtda 33 nömrəli sərnişin avtobusu yenə nasazlıq səbəbindən yolda qalıb.
Sakinlərin Sumqayit24.az-a verdiyi məlumata görə, hadisə şəhərin 76-cı məhəlləsində, Hafiz Baxış küçəsində baş verib.
Acınacaqlı vəziyyət isə odur ki, Sumqayit24.az 33 nömrəli avtobusda yaranan texniki nasazlıq barədə dəfələrlə şikayət işıqlandırıb. Bu isə o deməkdir ki, məsələ artıq təsadüfi nasazlıq yox, tez-tez təkrarlanan problemdən gedir.
Sərnişin avtobusu hər gün yolda qalacaqsa, vətəndaş ictimai nəqliyyata necə güvənsin? İnsanlar işə, dərsə, vacib görüşlərə vaxtında çatmaq üçün avtobusdan istifadə edirlər. Yolda qalan avtobus isə onların həm vaxtını alır, həm də gündəlik həyatını çətinləşdirir. Qısacası, təkrarlanan problemə aidiyyəti qurumun ciddi yanaşmadığı da görünür.
Həm də avtobusların texniki vəziyyətinə nəzarətin də zəif olduğu üzə çıxır. Yəni, bir marşrut xəttində avtobusların texniki nasazlığı tez-tez məlum olursa, bu, əslində problemə sistemli münasibətin göstərilmədiyi, problemin köklü həll olunmadığı deməkdir. Nəqliyyat xidmətinin keyfiyyəti yalnız avtobusların marşruta buraxılması ilə deyil, onların təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsi ilə ölçülür. Aidiyyəti qurumlar sakinlərin təkrar şikayətlərini nəzərə alaraq vəziyyətə aydınlıq gətirməli, problemin aradan qaldırılması üçün konkret addımlar atmalıdırlar. Eyni avtobusun dəfələrlə yolda qalması adi texniki nasazlıq kimi təqdim edilə bilməz. Əgər problem təkrar-təkrar yaşanırsa, deməli, ya texniki nəzarətdə, ya da problemin həllinə yanaşmada ciddi çatışmazlıqlar var.
Sərnişinlər hər gün ictimai nəqliyyatdan istifadə etmək üçün pul ödəyirlər, qarşılığında isə normal xidmət gözləmək haqlarıdır. Buna görə də ümid edək ki, bəlkə bu problemdən sonra məsul qurum hərəkətə keçəcək və sumqayıtlıların dəfələrlə yolda qalmasına səbəb olan 33 nömrəli avtobuslardakı nasazlıqları birdəfəlik həll edəcək.