Gec yatıb səhər saatlarında gec oyanan insanlar daha çox narahatlıq və depressiya əlamətləri ilə qarşılaşa, eyni zamanda iş günündən sonra daha çətin bərpa oluna bilərlər.
Bunu Finlandiyada aparılan və nəticələri "Sleep Health" jurnalında yayımlanan tədqiqat göstərib.
Araşdırmaya 2 266 nəfər cəlb olunub. Alimlər iştirakçıları yuxu rejimlərinə əsasən "torağaylar", "bayquşlar" və aralıq xronotipə sahib insanlar olmaqla üç qrupa ayırıblar. Daha sonra onların narahatlıq və depressiya simptomları, işdən sonra özlərini nə dərəcədə yaxşı bərpa edə bilmələri, eləcə də iş öhdəliklərinin şəxsi vaxtlarına nə qədər təsir göstərməsi araşdırılıb.
Nəticələr göstərib ki, psixi sağlamlıqla bağlı problemlər xüsusilə güclü axşam xronotipinə malik insanlarda daha çox müşahidə olunur. "Bayquşlar" işdən sonra daha zəif bərpa olunub, həmçinin iş və şəxsi həyat arasında tarazlığı qorumaqda daha çox çətinlik çəkiblər.
Tədqiqatçılar müəyyən ediblər ki, kifayət qədər bərpa olunmamaq və işlə şəxsi həyat arasındakı balansın pozulması axşam xronotipi ilə narahatlıq pozğunluqları arasındakı əlaqəni qismən izah edə bilər.
Araşdırmanın müəllifləri hesab edirlər ki, gecə saatlarında aktiv olmağa üstünlük verən insanlar üçün işdən sonra tam istirahət edib bərpa olunmağa imkan verən şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.