Saray qəsəbə sakinləri yerüstü piyada keçidinin olmamasından çətinlik çəkirlər. Bu haqda 6 sentyabr tarixində Sumqayıt24 Real TV-yə istinadən xəbər verir.
Bu hal Yeni Saray adlanan ərazidə müşahidə olunur. Bakı-Sumqayıt magistral yolunun həmin hissəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün lazımi şərait yaradılmayıb. Ərazidə minlərlə insan məskunlaşıb. Sakinlərin sözlərinə görə, qəsəbə yaranan gündən burada piyada keçidi problemi mövcuddur.
“İllərdir bu vəziyyətdən əziyyət çəkirik. Ən yaxın piyada keçidləri 2-3 km məsafədə yerləşir. Üstəlik yolun bu hissəsində sürəti azaltma nişanı yoxdur. Gün ərzində bir neçə dəfə yolu qarşı tərəfə keçmək olduqca müşküldür. Sakinlərin bir neçəsi yol qəzalarında dünyasını dəyişib”, – deyə şikayətçilər bildiriblər.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazinin yaxınlığında, təxminən 2 km məsafədə yerüstü piyada keçidi qısa müddət öncə inşa olunub. Qeyd edilib ki, yaxın gələcəkdə hər hansı bir piyada keçidin inşası nəzərdə tutulmur.